Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Mürsəl Həmidov yeni vəzifəyə təyin olunub.
M.Həmidov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, bu gündən etibarən Respublika Səhiyyə Nazirliyinin Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkim vəzifəsində işə başlayıb. Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb: "Martın 18-də yeni vəzifədə olmalıydım. Lakin bayram günlərində köhnə vəzifəmi də davam etdirirdim. Eyni zamanda, həmin günlər yeni işimdə də çalışırdım. Ancaq bu gündən sırf yeni işimdəyəm".
M.Həmidov əlavə edib ki, əvvəllər sırf Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışırdısa, artıq bundan sonra Respublika Səhiyyə Nazirliyinin Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkim vəzifəsində olacaq: "Bundan sonra respublikanın magistral yollarındakı yol-nəqliyyat hadisəsi və rayonlarda baş verən kütləvi hadisələrlə məşğul olacaq".
O, həmçinin qeyd edib ki, Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə Rauf Nağıyev təyin olunub: "Bu da təbii ki, nazirin müvafiq əmri ilə olub".
Qeyd edək ki, Rauf Nağıyev uzun müddətdir səhiyyə sahəsində çalışır. O, əvvəllər Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.