Kürdəmirdə iki kəndin sakinlərinə xidmət edən həkim məntəqəsi bərbad vəziyyətdədir

Sağlamlıq
  • 11 noyabr, 2022
  • 09:12
Kürdəmirdə iki kəndin sakinlərinə xidmət edən həkim məntəqəsi bərbad vəziyyətdədir

Kürdəmirin Şilyan və Qarasu kəndlərinin sakinlərinə xidmət edən həkim məntəqəsi bərbad vəziyyətdədir.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, on mindən çox sakinə xidmət etməsi nəzərdə tutulan tibb ocağının qapı-pəncərələri sınıb, otaqların divarları və tavan örtüyü dağılıb.

Həkim məntəqəsi və xəstəxana kompleksi 30 il əvvəl inşa edilməyə başlanılıb, 1993-cü ildə tikintisi başa çatıb. Xəstəxana kənddəki M.Ə.Sabir adına kolxozun vəsaiti hesabına tikilib. Xəstəxana kompleksinin təhvil verilməsi zamanı Birinci Qarabağ müharibəsi səbəbindən öz doğma yurd-yuvasından məcburi köçkün düşmüş Cəbrayıl rayon sakinləri dövlət tərəfindən həmin tibb ocağında məskunlaşdırılıb. Bu səbəbdən də kənd sakinləri xəstəxananın xidmətlərindən istifadə edə bilməyiblər.

Məcburi köçkünlər 2007-ci ilin noyabr ayında Beyləqanda tikilmiş şəhərciyə köçürüldükdən sonra kompleksdə bir neçə tibb otağı təmir edilib və həkim məntəqəsi kimi fəaliyyətə başlayıb. Hazırda isə həkim məntəqəsi qəzalı vəziyyətə düşüb, hər an uçma təhlükəsi ilə üz-üzədir. Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bugünədək ərazidə heç bir iş görülməyib.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının hüquq şöbəsinin məsləhətçisi Əlabbas Abdulxalıqov "Report"a bildirib ki, tibb məntəqəsinin əsaslı təmir olunması üçün aidiyyəti üzrə məlumat verilib. Vəsait ayrılan kimi məntəqə əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.