Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Dövlət Təhlükəli tibbi və qeyri tibbi Tullantıların Nəzarət Agentliyinin yaradılmasını təklif edib.
“Report”un məlumatına görə, S.Qurbanov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib ki, agentliyin nizamnəməsi yazılmalı və fəaliyətinin əhatə dairəsi müəyənləşdirilməlidir.
O qeyd edib ki, xüsusi mikrodalğalı sobaların əldə olunması-havaya buraxılan tüstü və kimyəvi toksiki maddələrin qarşısının alınması mütləqdir: “Nəzarət sistemi üçün xüsusi kadrların və prosesin keyfiyyətə nəzarət və hesabat sistemi üçün xüsusi sənədlər hazırlanmalıdır”.
“İnsan və ya heyvanların hissələri, bədən mayeləri də daxil olmaqla virus və bakteriyalarla dolu bu materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir: “Bu tullantılara açıq əllə toxunmaq olmaz. Onlar adi məişət tullantıları qutusuna atılmamalıdır. Ev şəraitində də tibbi tullantılar varsa, yaxınlıqdakı tibb müəssisələrinə təhvil verilməlidir”, - S.Qurbanov əlavə edib.