Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən məlumat verib.
Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlət başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu deyib.
Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.