ÜST: “Astra Zeneca” peyvəndinin istifadəsini dayandırmağa əsas yoxdur

ÜST: “Astra Zeneca” peyvəndinin istifadəsini dayandırmağa əsas yoxdur Onlar hazırda “Astra Zeneca”ya dair xəbərləri təhlil edirlər
Sağlamlıq
12 Mart , 2021 17:18
ÜST: “Astra Zeneca” peyvəndinin istifadəsini dayandırmağa əsas yoxdur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvəndləmə üçün “Astra Zeneca” şirkətinin dərmanından istifadəni dayandırmaq üçün tutarlı əsas görmür.

“Report” xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Marqaret Harris brifinqdə bildirib.

“Avropanın tibb agentliklərinin təhlükələrin müşahidə və dəyərləndirilməsinə dair komissiyasının mövqeyi həmin peyvəndin ziyandan çox fayda verməsindən ibarətdir. Həmçinin ÜST-nin Dərmanların Təhlükəsizliyinə dair Məşvərət Komitəsi də bütün peyvəndlərin təhlükəsiz olub-olmadığını müəyyənləşdirir. Onlar hazırda “Astra Zeneca”ya dair xəbərləri təhlil edirlər”, - təşkilat rəsmisi qeyd edib.

Xatırladaq ki, sözügedən peyvəndin tətbiqi nəticəsində qan laxtalanması hallarının yaranmasına dair xəbərlər üzündən Danimarka, Norveç, İslandiya, sonra da Bolqarıstan həmin dərmanın istifadəsini müvəqqəti dayandırıb.

Hazırda məsələnin ekspertlər tərəfindən ətraflı araşdırıldığını bildirən ÜST sözçüsü martın 9-na olan vəziyyətə görə dünyada “Astra Zeneca” peyvəndinin 268 milyon dozasının istifadə olunduğunu, bununla bağlı ölüm halları barədə məlumat alınmadığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi