Bu gündən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olunmalıdır.
"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun 2021-ci il dekabrın 11-də imzaladığı qərarda əksini tapıb.
Qərara əsasən bu gündən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.