“Saxta koronavirus sertifikatlarının və arayışların alınması məsələsi təkcə Azərbaycanda deyil, eləcə də bütün inkişaf etmiş ölkələrdə də var. Təəssüf ki, bu kimi faktlara az da olsa ölkəmizdə rast gəlinir. Ümumi miqyası götürsək, hesab edirəm ki, bu, elə də böyük rəqəm deyil. Çox güman ki, tək-tək hadisələr ümumi işə xələl gətirmir. Düşünmürəm ki, bu faktlara görə yoluxma statistikasında böyük fərq yarana bilər. Çünki bu çox cüzi say ola bilər”.
Bu fikirləri “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hər halda bu işə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir: “Aşkar olunan faktlar da onu deməyə əsas verir ki, dövlətimiz bu istiqamətdə ciddi addımlar atır. Bu işə baş qoşanlar bilməlidir ki, onlar dövləti aldadırlar. Heç kim unutmamalıdır ki, dövlətimiz pandemiyanın qarşısının alınması istiqamətində nə qədər işlər görür, böyük xərclər çəkir. Digər tərəfdən, əgər saxta peyvənd pasportu alan şəxs virusa yoluxarsa, peyvəndi nüfuzdan salmış kimi görünəcək. Üçüncüsü isə insan özü-özünü aldadır. Yəni insan potensial yoluxdurma mənbəyidir”.
“Ola bilsin ki, saxta arayış alan şəxs gənc olsun, amma ətrafında olan risk qrupuna aid olanlar üçün ciddi təhlükə mənbəyidir. Ona görə də bu, böyük məsuliyyətdir. Özünü peyvənd vurdurmuş kimi qələmə verən şəxs infeksiyanı yaymaq potensialına malikdir. Çünki vaksinasiya strategiyasına uyğun olaraq bəzi şəxslər həqiqətən də peyvənd vurdura bilmir. Onlara da əks-göstəriş sertifikatı verilir. Peyvənd olunanların sayı çoxaldıqca xüsusi risk qrupuna aid olanların təhlükəsizliyi də təmin edilmiş olur. Odur ki, saxta peyvənd sertifikatı alanlar nəinki onları qorumur, hətta özlərini də xəstələndirmiş ola bilərlər. Əgər peyvənd vurdurmağa əks-göstərişi olanlar məhz bu insanlar ucbatından virusa yoluxmuş olsalar, o zaman bunun məsuliyyətini də məhz onlar daşımış olurlar. Ona görə də sertifikatlar və arayışlarla bağlı sənədlərin hazırlanmasını elə şəxslərə tapşırmaq lazımdır ki, hər hansı bir təklif olan zaman onu rədd etsinlər" - baş infeksionist əlavə edib.
Qeyd edək ki, son bir neçə həftədir ölkədə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.