Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil edilib.
Sağlamlıq
29 İyun , 2022 15:18
Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil edilib.

"Report" xəbər verir ki, media nümayəndələrinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd qida təhlükəsizliyi tələblərinə uyğun heyvan kəsimi və satışı fəaliyyəti, həmçinin Qurban bayramı ərəfəsində təhlükəsiz və sağlam şəraitdə heyvan kəsimi və satışının həyata keçirilməsi üçün zəruri tədbirlərlə bağlı jurnalistləri məlumatlandırmaq olub.

Tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların qida təhlükəsizliyi tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib.

Jurnalistlərə Xəzər rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb, onlara kəsim prosesi əyani şəkildə nümayiş etdirilib.

Müəssisənin istehsalat koordinatoru Ramidə Ramazanova qeyd edib ki, gün ərzində 60 baş iribuynuzlu, 500 baş da xırdabuynuzlu heyvan kəsimi xidməti göstərilir: "Heyvanlar kəsilmədən bir gün əvvəl müəssisəyə gətirilir. Buna səbəb onların bir gün ərzində stresinin atmasıdır. Bunun üçün xüsusi yer var. Digər kəsim məntələrindən fərqli olaraq, burada iribuynuzlu heyvanların kəsilməsi əl-qolları bağlanmadan həyata keçirilir. İlk olaraq heyvanın qeydiyyatı aparılır. Kəsim həyata keçirilməmişdən əvvəl heyvanın limfa vəzilərindən, qaraciyərlərindən analizlər götürülür. Hər şey qaydasında olduğu təqdirdə kəsim həyata keçirilir".

Eyni zamanda bayram günlərində media nümayəndələrinin də iştirakı ilə ictimai nəzarət tədbirlərinin gücləndirilməsi üçün birgə fəaliyyətin həyata keçirilməsi müzakirə olunub.

AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə əvvəlcədən müəyyən olunmuş ərazilərdə kəsim məntəqələri fəaliyyət göstərəcək.

O qeyd edib ki, kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir: "Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə, park və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir".

İnfotur çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi