Bakıda qadınlar arasında keçirilən “Gücümüz cəsarətimizdədir!” adlı yürüşün açılış mərasimi olub.
“Report” xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqlarının Respublika Komitəsinin sədri Hikmət Osmanov, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayev də iştirak edirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, bu gün cəmiyyətdə qadınların rolu böyükdür: "Tədbirin adı biraz pafoslu olsa da həqiqətdir. Qarşımızda duran əsas məsələ qadınların gücünü cəmiyyətə nümunə göstərməkdir. Bu gün tədbirdə dəyərli qadın idmançılarımız iştirak edirlər. Onlar nüfuzlu beynəlxalq yarışların qalibi olublar. Bu tədbirdə də iştirak edən xanımlarımıza örnək olmalıdır. Bu nəticələr əziyyətsiz başa gəlmir, uğur qazanmaq üçün əziyyət çəkmək lazımdır".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqlarının Respublika Komitəsinin sədri Hikmət Osmanov deyib ki, bu gün ölkə idmanı Prezident İlham Əliyevin müəyyən etdiyi xətt üzrə inkişaf edir: "Konfedrasiyamız bu xətt üzrə fəaliyyətini davam etdirir. Biz konfedrasiyada gənc qızların idmana cəlb olunmasına diqqət yetiririk. Konfederasiyadan 300 nəfərə yaxın gənc qız müxtəlif yarışlarda iştirak edir. Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən qadınlar da var. Biz gələcəkdə də bu cür tədbirlərin keçirilməsində iştirak edəcəyik".
Bakıda qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkili məqsədilə “Gücümüz cəsarətimizdədir!” adlı yürüş başlayıb.
“Report” xəbər verir ki, yürüşə Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən start verilib.
Daha sonra Dənizkənarı Milli Parkda (Kukla Teatrının arxası) rəsmi açılış mərasimi keçiriləcək və ardınca 6 idman növü (cüdo, karate, gimnastika, basketbol, şahmat, futbol) üzrə federasiyaların təlimçi və idmançılarının ustad dərsləri baş tutacaq.
Aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı və idman federasiyalarının dəstəyi ilə keçirilir.