Azərbaycanda hemofiliya xəstəliyindən əziyyət çəkənlərin statistikası açıqlanıb

Azərbaycanda hemofiliya xəstəliyindən əziyyət çəkənlərin statistikası açıqlanıb Qadınlar əsas daşıyıcı rolunu oynasalar da, xəstəlikdən əziyyət çəkmirlər
Sağlamlıq
21 Fevral , 2015 14:37
Azərbaycanda hemofiliya xəstəliyindən əziyyət çəkənlərin statistikası açıqlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ "Hazırda hemofiliya xəstəliyinin artım dinamikası daha yüksəkdir. Yəni bu xəstəlik artır, azalmır". Bunu "Report"a açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hemofiliya irsi qan xəstəliyidir: "Qanda laxtalanma faktoru çatışmayanda bu, böyük fəsadlarla nəticələnir. Oynaqlarda, daxili orqanlarda qan sızmaları baş verir ki, bu da sonda əlilliyə gətirib çıxarır. Onu da vurğulayım ki, Azərbaycanda son 5 ildə uşaqlar arasında əlillik dinamikası aşağı düşüb. Çünki çox bahalı olan dərman preparatları, məhz dövlət tərəfindən alınır. Xaricdə istehsal olunan həmin preparatlar da ilk növbədə uşaqlara verilir".

G.Hüseynova qeyd edib ki, hemofiliya irsi xəstəlik olduğu üçün qadınlar əsas daşıyıcı rolunu oynasalar da, xəstəlikdən əziyyət çəkmirlər: "Ona görə də bu xəstəliyə daha çox oğlanlar düçar olur. Nadir hallarda yalnız 1-2 nəfər qızda hemofiliya xəstəliyinə rast gəlinir. Keçən ildən bu günə qədər Azərbaycanda 1452 nəfərdə hemofiliya xəstəliyi aşkar edilib. Onlardan 30 yaşına kimi insanlar 700 nəfərdən çoxdur. Digərləri isə yaşlı təbəqədir".

Əvvəllər yalnız qan köçürülməsi ilə xəstə insanların həyatını xilas etməyin mümkün olduğunu deyən Assosiasiyanın sədri əlavə edib ki, xəstəlikdən əziyyət çəkən insanlar arasında yaşlı təbəqə daha uzun ömürlü olur: "Hemofiliya xəstəliyinin bir neçə forması var. Bunlar arasında ağır, orta və yüngül növlərinin adını misal çəkmək olar. Yaşlı insanlar əsasən orta və yüngül formada olan xəstəlik növlərinə tutulurlar. Buna görə də daha çox yaşamaq şansları olur".

O, həmçinin əlavə edib ki, hazırda 30-35 yaş arası insanlar daha çox hərəkət-dayaq sistemindən əziyyət çəkirlər: "Ona görə də istərdik ki, ölkədə rekonstruktiv cərrahiyyə əməliyyatları həyata keçirilsin. Həmin xəstələr üçün dərman preparatları olmadığına görə əməliyyat daha labüddür. Gələcəkdə dərman preparatlarının sayının artırılması da vacibdir. Çünki hazırda hemofiliya xəstəliyin artım dinamikası daha yüksəkdir".  

Son xəbərlər

Orphus sistemi