Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, növbəti belə təlim AQTİ əməkdaşları tərəfindən ISO-17025:2017 beynəlxalq “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” mövzusunda İnstitutunun tabeliyində fəaliyyət göstərən region sınaq laboratoriyalarında çalışan laboratoriya mütəxəssislərinə keçirilib. Təlimdə laboratoriyalarda qarşılaşa bilinəcək risk faktorları, həyata keçirilən analizlərin keyfiyyətinə nəzarət, sınaq və ölçü vasitələrindən düzgün istifadə qaydaları, keyfiyyət idarəetmə sisteminin təşkilində sənədləşmənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.