"Qarpız və yemiş kəsilən gün yeyilməlidir".
Bu barədə ”Report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
“Vətəndaşlarda istehlak etdikləri qarpız və digər məhsullarla bağlı şübhə yarandıqda və ya hər-hansı uyğunsuzluq müşahidə etdikdə, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda bu barədə konkret faktlarla Agentliyin "1003 - Çağrı Mərkəzi"nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”, - Agentlikdən bildirilib.
Qeyd olunub ki, qarpız kəsiləndən sonra qaydalara uyğun saxlanmasına riayət edilməlidir:
“Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı"nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanılması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip bağlanaraq, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanılmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir”.
AQTA-dan bildirilib ki, qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına fikir verilməlidir:
“Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə zolaqlar əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərindəki sarı ləkələr isə onun torpaqla təmasda olduğu yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğunluğu isə köhnəliyinin əlaməti hesab edilir. Yaşıl rəngli saplaqlar qarpızın tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı quru, rəngi isə dəyişik olur. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval qarpız sulu, yumru qarpız isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir”.
İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 faizi sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium və maqnezium kimi elementlərlə zəngindir.
AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
Agentlik tərəfindən mütəmadi olaraq aparılan fitosanitar monitorinqlər zamanı respublika ərazisində bostan - qarpız və yemiş sahələrində müşahidələr həyata keçirilir. Monitorinqlər zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız, yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılır. Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilir.
Torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur ki, bu da insan orqanizmində bəzi fəsadlara gəririb çıxara bilər. Odur ki, aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır.