Düyü yemək ürək-damar xəstəliklərindən ölmək riskini artırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq araşdırma “Science of Total Environment” jurnalında dərc olunub.
Mançester və Salford Universitetlərinin alimləri İngiltərə və Uels sakinlərinin məlumatlarını təhlil edib və müntəzəm düyü yeyilməsinin onların orqanizminə təsirini qiymətləndiriblər. Məlum olub ki, sağlamlıq problemləri olan düyü həvəskarlarının 25 faizinin ürək-damar xəstəliklərindən ölüm riski daha yüksəkdir.
Modelləşdirmə nəticəsində tədqiqatçılar düyü yeməkdən artan sağlamlıq riskinin, təxminən, 6 faiz olduğunu müəyyənləşdiriblər. Onların fikrincə, düyü özündə sonradan insan orqanizminə də daxil olacaq arsen maddəsini saxlaya bilər. Alimlər bu maddənin hətta kiçik dozalarda olsa belə, uzunmüddətli istifadəsinin ürək-damar sistemi üçün təhlükəli olduğunu bildirib və hər il minlərlə insanın vaxtından əvvəl ölümünün səbəbi kimi göstərib.
Xəstəlik riskini azaltmaq üçün mütəxəssislər bu məhsulu sevənlərə rasionunu digər dənli bitkilərlə genişləndirməyi, habelə müxtəlif düyü növlərini - məsələn, basmati və ya cilalanmış düyünü seçməyi məsləhət görürlər.