Bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Diplomatik xidmətin yaradılmasından 102 il ötür. 1919-cu ildə 16 ölkə ilə diplomatik münasibətlər quran Azərbaycan hazırda dünyanın 159 dövləti ilə diplomatik əlaqələrini daha da inkişaf etdirməkdədir. Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Təbii ki, bu uğurların qazanılmasında Azərbaycanın yürütdüyü xarici siyasətin böyük əhəmiyyəti vardır.
Peşə bayramı günü ilə bağlı "Report"a müsahibə verən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan diplomatlarının nail olduğu uğurlardan danışıb.
“2020 və 2021-ci illəri götürsək, 30 illik tarixin demək olar ki, ən şərəfli zirvələrindən birinə nail olmuşuq. Bunun nəticələri çox böyük tarixi əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycanın hərb tarixində, həm siyasi tarixində, həm də diplomatiya tarixində parlaq dövr kimi qalacaq", nazir müavini bildirib.
O vurğulayıb ki, bugünkü nailiyyətlərin qazanılmasında Azərbaycanı təmsil edən diplomatik xidmət orqanlarının əməkdaşlarının müəyyən payı var: "Onların peşə bayramı bizim ölkəmizin, cəmiyyətimizin bayramıdır. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, dövlətçiliyimiz bərqərar olmuş və Azərbaycanın bütövlüyü dünyada tanınmışdır. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dünya birliyinin layiqli üzvü olmuşdur".
Videoreportajı təqdim edirik:
Operator : Mircavid Eminoğlu
Montajçı: Səbuhi Məmmədov