Şimali Kipr Türk Respublikasında (ŞKTR) koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru gedir.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, ölkədə 17 gündür yeni yoluxma halı qeydə alınmayıb.
ŞKTR-nin bu yöndə uğurlu nəticələr qazanması pandemiya ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin də ləğv edilməsinə yol açıb.
Belə ki, sadəcə 1 aktiv xəstənin olduğu Şimali Kiprdə restoran, otel, gözəllik salonları və bərbərxanaların fəaliyyətinin bərpasına icazə verilib.
Xatırladaq ki, ŞKTR-də indiyədək 108 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 4 nəfər vəfat edib.
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.