Bakı. 17 oktyabr. REPORT.AZ/ “Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcəklər”.
“Report” “NBS”yə istinadən xəbər verir ki, bunu oktyabrın 17-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.
O əlavə edib ki, rəsmi Ər-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır: “Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır”.
Qeyd edək ki, Maykl Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şazadə Məhəmməd ibn-Salmanla müzakirə edib. Oktyabrın 17-də isə o, Türkiyədə səfərdə olub, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çabuşoğlu ilə itkin düşən jurnalistlə bağlı məsələni müzakirə edib.