Yuxarı

​İranlı general: "Bəhreyndə xalqın silahlı müqavimət göstərməkdən başqa yolu qalmayıb"

Daxili İşlər Nazirliyi: İsa Qasim Bəhreynin düşmənləri ilə davamlı olaraq, əlaqə saxlayırdı

Bakı. 21 iyun. REPORT.AZ/ "Şeyx İsa Qasimə qarşı təzyiqlər Bəhreyn hakimiyyətinin "qırmızı xətti" keçməsidir və xalqın silahlı müqavimət göstərməsi üçün şərait yaratmaqdır".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" qolunun komandiri, Suriya və İraqdakı İran hərbçilərinin komandanı, general Qasım Süleymani Bəhreyndəki şiələrin lideri sayılan Şeyx İsa Qasimin ölkə vətəndaşlığından çıxarılmasına münasibət bildirərkən deyib.

İranlı general Bəhreyn hakimiyyətini hədələyib: "Bəhreyn kralı qəti olaraq bilməlidir ki, Şeyx İsa Qasimiyə toxunmaq "qırmızı xətt"dir. Krallığın bu xətti keçməsi isə bütövlükdə bölgənin alovlandırılmasıdır. Belə bir şəraitdə xalqın silahlı müqavimət etməkdən başqa yolu qalmayacaq".

Xatırladaq ki, iyunun 20-də Bəhreyn hakimiyyəti Şeyx İsa Qasimin ölkə vətəndaşlığından çıxarılması haqda qərar qəbul edib.

"Qasim məzhəbçilik və iğtişaşla bağlı təbliğat apararaq, xarici qüvvələrin maraqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərir, Bəhreynin düşmənləri ilə davamlı olaraq, əlaqə saxlayırdı", - deyə krallığın Daxili İşlər Nazirliyi İsa Qasimin vətəndaşlıqdan çıxarılması ilə bağlı yaydığı bəyanatda vurğulayıb.

Qeyd edək ki, Şeyx İsa Qasim Bəhreynin Zeraz kəndində dünyaya gəlib. Uşaq yaşlarında ölkəsində oxuyub. İlk dini təhsilini öz dövrünün tanınan şiə alimlərindən biri Şeyx Əbdülhüseyn Hillidən alıb. Bundan sonra İraqın Nəcəf şəhərində şiələrin o vaxtkı aparıcı müctəhidlərindən biri sayılan ayətullah-üzma Məhəmməd Baqir Sədrin tələbəsi olub. İsa Qasim 2001-ci ilədək İranın Qum dini-ideoloji mərkəzində təhsil və təlimini davam etdirdikdən sonra Bəhreynə qayıdıb. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi isə İsa Qasimini "şiələrin parlayan ulduzu" adlandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi