Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin rejimi tətbiq edildi - YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin rejimi tətbiq edildi - YENİLƏNİB Gürcüstanın Marneuli və Bolnisi bələdiyyələrində bu gündən etibarən tətbiq olunan ciddi karantin qadağaları açıqlanıb.
Region
23 Mart , 2020 09:16
Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin rejimi tətbiq edildi - YENİLƏNİB

Gürcüstanın Marneuli və Bolnisi bələdiyyələrində bu gündən etibarən tətbiq olunan ciddi karantin qadağaları açıqlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki rayon ərazisinə daxil olmaq və çıxmaq qadağan edilib.

Rayon sakinlərinin ərzaq məhsulları və dərman almaq, xəstəxanaya getməkdən başqa yerdəyişməsi qadağandır. İctimai nəqliyyatın da hərəkəti tam dayandırılıb.

Kənd təsərrüfatı ilə bağlı işlər Gürcüstanın Səhiyyə Nazirliyinin protokoluna müvafiq olaraq həyata keçiriləcək. İctimai asayişin qrounması və fövqəladə vəziyyətə nəzarəti ölkənin Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Bununla yanaşı, tibb işçiləri sakinlərin sağlamlıq durumunu yoxlayacaq və ehtiyacları barədə maraqlanacaqlar.

Marneuli və Bolnisidə yerli media və mətbuatın fəaliyyətinə şərait yaradılacaq, İctimai yayımçı rayonlardakı vəziyyət barədə məlumatlar yayacaq. 


*** 08:51

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında koronavirusla bağlı karantin rejimi tətbiq olunub.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb ötən gün Marneulidə koronavirus diaqnozu qoyulan qadının yoluxma mənbəyinin müəyyən olunmamasıdır.

Hazırda Marneulinin girəcəyində patrul polisi yerləşdirilib, rayonda hərəkət ciddi nəzarət altında saxlanılır. Rayonda həmçinin hərbi texnika, çadır və xüsusi avadanlığın olduğu nəqliyyat vasitələri də səfərbər edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Marneulidə karantin rejimində ictimai asayiş qorunacaq. Müdafiə Nazirliyi də rayonda qabaqlayıcı tədbirlərə cəlb olunub, Marneuli və Bolnisidə xüsusi yoxlama məntəqələri yaradılıb.

Son xəbərlər

Orphus sistemi