Xronika: Ermənilər xarici ölkələrdə yaşayan azərbaycanlılara da düşmən gözü ilə baxırdılar

Xronika: Ermənilər xarici ölkələrdə yaşayan azərbaycanlılara da düşmən gözü ilə baxırdılar Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Region
10 İyun , 2024 23:07
Xronika: Ermənilər xarici ölkələrdə yaşayan azərbaycanlılara da düşmən gözü ilə baxırdılar

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, Əməkdar elm xadimi Nəriman Rəsulov olub.

O, böyüyüb boya-başa çatdığı Amasiya rayonunun Təpəkənd (Təpəköy) kəndindən söhbət açıb. Bildirib ki, bu yaşayış məntəqəsi füsunkar təbiəti, o cümlədən sərin bulaqları, dağları, Arpa gölü ilə görənləri valeh edib. Hər bir Qərbi azərbaycanlı üçün doğma el-obanın əziz olduğunu diqqətə çatdıran professor, yurd nisgili ilə yaşadığını vurğulayıb. Təpəkənddə keçirdiyi qayğısız uşaqlıq illərini, təhsil almaq üçün üzləşdiyi çətinlikləri xatırlayıb.

Əməkdar elm xadimi N.Rəsulov ermənilərin azərbaycanlılara qarşı tarixən düşmənçilik etdiyini söyləyib. Qeyd edib ki, bu münasibətdən irəli gələrək, ötən əsrin əvvəlində soydaşlarımız qətliamlara, sonrakı dövrlərdə isə fiziki-mənəvi işgəncələrə, deportasiyalara məruz qalıblar. Onun sözlərinə görə, Qərbi Azərbaycanda kəndlərdə yaşayan azərbaycanlılar rayon mərkəzlərinə, şəhərlərə gedəndə daim ermənilərin təqiblərinə, təhdidlərinə, ayrı-seçkiliyinə məruz qalıb, məqsədli şəkildə münaqişəyə cəlb olunublar. Sovet hakimiyyəti illərində qabaqcıl azərbaycanlılar erməni millətçiləri tərəfindən şərlənib, həbs edilib, sürgünə göndərilib, yaxud da sui-qəsd və terror yolu ilə öldürülüblər. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlılara da ermənilər düşmən gözü ilə baxıblar.

Professor N.Rəsulov söyləyib ki, bütün Qərbi azərbaycanlılar kimi onun da ailəsi 1987-1988-ci illərin deportasiyasında böyük sınaqlarla üz-üzə qalıb. Valideynləri, yaxın qohumları əmlaklarını, həmin vaxta kimi qurub-yaratdıqlarını, ən əsası isə doğma Vətənlərini itiriblər. Zor gücünə öz evini tərk etməyə məcbur qalan soydaşlarımız yollarda erməni quldurlarının hücumlarına da məruz qalıblar. Alimin qənaətincə, əgər həmin dövrdə Hamamlı rayonunda zəlzələ baş verməsəydi və ermənilərin başı təbii fəlakətin fəsadlarını aradan qaldırmağa qarışmasaydı, dinc azərbaycanlılar daha böyük faciələrlə üzləşə bilərdilər.

Əməkdar elm xadimi N.Rəsulov sonda bildirib ki, ata-baba torpaqlarına dinc yolla, təhlükəsiz şəkildə qayıtmaq hər bir Qərbi azərbaycanlının, o cümlədən onun da haqqı və hüququdur. Professor əminliklə vurğulayıb ki, yaxın gələcəkdə soydaşlarımız bu hüquqlarından yararlanacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi