Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini, eləcə də ölkələr arasında uzunmüddətli sülh sazişinin imzalanmasına yönəlmiş danışıqları qətiyyətlə dəstəkləyirik.
"Report" xəbər verir ki, bunu "Amerikanın səsi"nin erməni xidmətinə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina deyib.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, sülhün bərqərar olmasına və onlar arasında uzunmüddətli sülh sazişinin imzalanmasına yönəlmiş danışıqları qətiyyətlə dəstəkləyirik. Tərəfdaşlarımızı doğru yola yönəltməyə çalışırıq. Bizim üçün düzgün yol sülh yolu ilə nizamlamadır, çünki bu, Qafqaza sabitlik gətirəcək”, - o bildirib.
X.Kolomina qeyd edib ki, Cənubi Qafqaz Qara dəniz regionuna birbaşa təsir göstərir: “Qara dəniz NATO-nun strateji maraqlar regionudur. Ona görə də regionda sabitliyin olması bizim üçün vacibdir, qeyri-sabitlik bizə təsir edir”.
O vurğulayıb ki, Ermənistan-Azərbaycan arasında davam edən sülh prosesində müsbət irəliləyiş görür. X.Kolomina ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşü xüsusilə qeyd edib: “İnanıram ki, irəliləyiş var. Bunun bizi hara aparacağını bilmirəm, amma bu prosesə bacardığımız qədər dəstək verməyə davam edəcəyik”.