“Malatyada dağıntılar altında qaldığı ehtimal edilən 4 azərbaycanlı tələbənin yaşadığı binada axtarış işləri tamamlanmaq üzrədir, amma onlar nə sağ halda, nə də cəsədləri tapılıb”.
Bunu “Report”un Ankara bürosuna Türkiyə parlamentinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Mehmet Celal Fendoğlunun köməkçisi Oğuz Fendoğlu bildirib.
O deyib ki, azərbaycanlı tələbələrlə bağlı fasiləsiz axtarışlar hələlik nəticə verməyib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında adı çəkilən, Malatya şəhərində İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yoxdur. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.
Azərbaycanın Türkiyədəki Səfriliyinin də dəstəyi ilə tələbələrin axtarışı aidiyyatı qurumlarla indiyə qədər davam edir. Onların ad-soyadı bütün xəstəxanalara bildirilib, amma xəstəxanalarda onlar haqqında heç bir məlumat olmayıb. Vaideynləri və yaxınları tələbələrin axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyirlər.