Ərazi itkisinə yol verməmək mövqeyimiz Türkiyənin prinsipial mövqeyi ilə üst-üstə düşür.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Lyüdmila Buymister bildirib.
"Rusiya heç vaxt Krımın geri verilməsi ilə bağlı danışıqlara getməyəcək. Ukrayna isə Krımı yerli xalqın ərazisi hesab edir. Biz həmişə Krım tatarlarını dəstəkləmişik və işğaldan qaçan 300 min insanı qəbul etmişik. Krım tatarlarına qarşı xəyanət edə bilmərik. Bir çox müsəlman ölkələri bizi bu məsələdə dəstəkləyirlər.
Ona görə də bu məsələdə bizim mövqeyimiz hər zaman birdir və göstərdiyi dəstəyə görə Türkiyəyə, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarıq", - L.Buymister qeyd edib.
Hərbi-siyasi şərhçi Taras Berezovets isə "Report"a bildirib ki, Türkiyə NATO üzvü kimi regionda təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır.

Bildirib ki, Türkiyə Krımın anneksiyası və 2022-ci ildə müharibənin başlamasından bəri prinsipial mövqe nümayiş etdirib: "Xatırladım ki, Türkiyə müharibənin ilk günündən Ukraynanı silahla təchiz edir. Bayraktarlardan tutmuş zirehli maşınlara qədər. Uktayna Prezidenti Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu görüşün ardınca Türkiyə lideri prinsipial mövqeyini bildirdi ki Ukraynanın ərazi bütövlüyünün pozulması qəbulolunmazdır.
Biz Türkiyəni real təminatçı görürük. Təbii ki NATO-da ən nüfuzlu ordusu olan Türkiyə Ukraynanın və bütövlükdə alyans ölkələrinin təhlükəsizliyinin təmin olunmasında əsas qarant ola bilər. Bu situasiyadan Ukrayna da istifadə edə bilər və ölkəmizə göndəriləcək çoxmillətli kontingentin içərisində Türkiyə hərbi qüvvələri xüsusi paya sahib ola bilərlər".