Hakan Fidan Ankaradakı terror aktını pisləyib - YENİLƏNİB-4

Hakan Fidan Ankaradakı terror aktını pisləyib - YENİLƏNİB-4 Türkiyə Baş Prokurorluğu Ankaradakı terror aktı ilə bağlı araşdırmalara başlayıb
Region
1 Oktyabr , 2023 13:44
Hakan Fidan Ankaradakı terror aktını pisləyib  - YENİLƏNİB-4

“Biz həm Türkiyədə, həm də onun hüdudlarından kənarda terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyik”.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Fidan terroru pislədiyini, həmçinin xəsarət alan polis əməkdaşlarına şəfa arzuladığını vurğulayıb.

Qeyd edək ki, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ankara Baş Prokurorluğu artıq Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.

12:30

Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı ilə bağlı araşdırmalara başlayıb.

"Report" xəbər verir ki, bu barədə prokurorluğun açıqlamasında bildirilir.

Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

11:51

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.

11:25

Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, hadisə zamanı 2 polis xəsarət alıb.

Partlayışdan əvvəl 4 atəş səsinin eşidildiyi bildirilir.

11:10

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.

"Report" bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.

Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.

Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi