Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan “F-16”ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Hakan Fidan qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir:
“Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan “F-16”ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik”.
ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəliş edib. Dəyişikliyə əsasən Türkiyə Yunanıstanın “hava məkanını pozduğu” müddətcə ABŞ administrasiyası yeni “F-16” təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmayacaq.