Rusiya Türkiyə ilə müntəzəm və çarter reyslərini məhdudlaşdırır.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti başçının müavini Tatyana Qolikova bildirib.
COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qəbul edilmiş məhdudlaşdırma tədbiri aprelin 15-dən iyunun 1-dək qüvvədə olacaq.
"Bu il aprelin 15-dən iyunun 1-dək Rusiyanın beynəlxalq hava limanlarından Türkiyə Respublikasının hava limanlarına və əks istiqamətə müntəzəm və çarter uçuşlarının məhdudlaşdırılması barədə qərar qəbul verdik", - Qolikova deyib.
Onun sözlərinə görə, Akkuyu AES-in “Titan-2” konserninin tikintisində iştirak edən Rusiya vətəndaşlarının Vətənə qayıtması üçün uçuşlar istisna təşkil edir.
Bundan başqa, həftədə iki dəfə qarşılıqlı əsasda Moskva-İstanbul və İstanbul-Moskva reysləri həyata keçiriləcək.
Qolikova həmçinin Tanzaniya ilə uçuşların dayandırıldığını bildirib.
Baş nazirin müavini qeyd edib ki, epidemiologiya vəziyyəti sabitləşən kimi hər iki ölkəyə uçuşlar bərpa olunacaq.