Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq

Region
  • 08 oktyabr, 2026
  • 12:17
Paşinyan: Rusiya Dəmir Yollarının rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq

"Rusiya Dəmir Yolları"nın (RDY) rəhbəri Oleq Belozorov gələn həftə Ermənistana səfər edəcək, burada Ermənistan rəhbərliyi ilə dəmir yolları üzrə konsessiya məsələsini müzakirə edəcək.

"Report" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz iş müzakirəsi aparacağıq və onun nəticələrindən müəyyən qənaətlərə gələcəyik", - Paşinyan deyib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səsləndirdiyi Türkiyə və Azərbaycanla sərhəd dəmir yolu qovşaqlarının bərpasına dair Rusiya tərəfinin təklifləri barədə suala cavab verən Paşinyan əlavə edib ki, bu işlərin aparılmasında Qazaxıstan şirkətlərindən biri də maraqlıdır.

Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə daha 10 il uzadılma hüququ ilə Cənubi Qafqaz Dəmir Yolları konsessiya idarəçiliyinə verilib.

Mövcud konsessiyanın yenidən nəzərdən keçirilməsi mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərdəki dəmir yolu sahələrinin bərpası planları fonunda ortaya çıxıb. Mayda Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan hökuməti onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazırdır.

Paşinyan Moskvaya konsessiyanın dost üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin Rusiyanın nəqliyyat naziri Andrey Nikitin sonradan bu məsələnin müzakirə olunmadığını bəyan edib.