Qureviç: “Azərbaycan çətin regionda təhlükəsizlik və sabitlik adasıdır”

Qureviç: “Azərbaycan çətin regionda təhlükəsizlik və sabitlik adasıdır” “Azərbaycan çox çətin regionda təhlükəsizlik, sabitlik adasıdır və o, inkişafa və qonşuları ilə yaxşı münasibətlərə çalışır”.
Region
16 Dekabr , 2022 18:29
Qureviç: “Azərbaycan çətin regionda təhlükəsizlik və sabitlik adasıdır”

“Azərbaycan çox çətin regionda təhlükəsizlik, sabitlik adasıdır, o, inkişafa və qonşuları ilə yaxşı münasibətlərə çalışır”.

“Report” xəbər verir ki, bunu İsrailin “Kanal 9” telekanalının efirində siyasi texnoloq, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycandakı fəxri səfiri Roman Qureviç deyib.

“Azərbaycanın İranla, təbii ki, 30 illik işğaldan sonra Ermənistanla çətin münasibətləri var. Azərbaycan iqtisadi tərəqqi və tərəfdaşlığa can atan sabitlik adasıdır. Bu da zəiflikdən irəli gəlmir, çünki Azərbaycan Ordusu gücünü, qüdrətini nümayiş etdirib”, - o vurğulayıb.

Azərbaycanın İsraildə səfirlik açması planları ilə bağlı xəbərləri şərh edən siyasi texnoloq bunu çox müsbət məqam kimi qiymətləndirib, çünki Azərbaycan İsrailin yaxın dostu və strateji tərəfdaşıdır: “Məhz iki ölkə arasında yaxşı münasibətlər münaqişələrin həlli yoludur. Azərbaycan və İsrail arasında dostluq əlaqələri və strateji tərəfdaşlıq heç kimə qarşı deyil və regionda sabitliyə xidmət edir”.

Bundan başqa, R.Qureviç vurğulayıb ki, həm İsrail, həm də Azərbaycan milli maraqlarını qorumağa qadirdir və bununla bağlı heç bir şübhə ola bilməz.

O, Azərbaycana, 30 illik işğaldan sonra azad edilmiş ərazilərə bu yaxınlarda səfərindən danışaraq qeyd edib ki, burada bir dənə də olsun salamat ev yoxdur və hər yer minalarla doludur.

Dağıntıların miqyasından danışan fəxri səfir vurğulayıb ki, bir vaxtlar çiçəklənən kəndlərdən, üzüm bağlarından yalnız yandırılmış ərazilər qalıb: “Bütün Qarabağda, Şuşada, Zəngilanda və başqa yerlərdə olmuşam. Bu ərazilərdə sərbəst gəzmək mümkün deyil, çünki hər yer minalanıb”.

R.Qureviç dağıntıların planlı şəkildə həyata keçirildiyini vurğulayıb.

Onun sözlərinə görə, bir zaman işğal altında olmuş ərazilərdəki evlərin bütün əşyaları İrana satılıb: “O vaxtkı məcburi köçkünlər öz əşyalarını İran bazarlarında necə tapdıqlarından danışıblar”.

Proqramda, həmçinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqlar və fəallarla birbaşa əlaqə yaradılıb.

Onlardan biri Adnan Hüseyn bildirib ki, rusiyalı sülhməramlıları ilə qarşıdurma yoxdur və azərbaycanlı fəallar erməni tərəfinin qeyri-qanuni istismar etdiyi qızıl və mis yataqlarını monitorinqinə imkan yaradılmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi