Qazaxıstan Mərkəzi Asiyada ticarətin və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət görüşündə çıxışı zamanı bildirib.
Onun fikrincə, birgə infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi 5 Mərkəzi Asiya ölkəsinin iqtisadiyyatının daha da inkişafına töhfə verəcək: "Regionun tranzit və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, eləcə də Mərkəzi Asiyanın nəqliyyat sisteminin inkişafı üzrə kompleks strategiyanın qəbulu böyük əhəmiyyət kəsb edir".
“Burada Mərkəzi Asiya ölkələrinin bu və yaxud digər dərəcədə cəlb olunduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” dəhlizi, “Bir kəmər, bir yol” təşəbbüsü kimi layihələrə xüsusi diqqət ayrılır. Birgə səylər sayəsində bütün Qazaxıstan - Türkmənistan - İran dəmir yolu xəttinin potensialı ardıcıl olaraq artır. Bu gün bu, Fars körfəzi ölkələrinə ən qısa marşrutdur. Qazaxıstanda 2030-cu ilə qədər 11 min km-dən çox dəmir yolu xəttinin modernləşdirilməsi planlaşdırılır. Biz Cənubi Asiya bazarlarına çıxışı təmin edəcək Trans-Əfqanıstan dəmir yolu xəttinin tikintisini perspektivli hesab edirik. Qazaxıstan nəqliyyat və tranzit sektorunda genişmiqyaslı işlər aparır. 2030-cu ilə qədər ölkəmiz 5 min km-dən çox yeni dəmir yolu xətti çəkməyi planlaşdırır”, - Qazaxıstan Prezidenti qeyd edib.
K. Tokayev əlavə edib ki, sərhədyanı ərazilərdə ticarət, logistika və sənaye qovşaqları şəbəkəsinin inkişafı da prioritet məsələdir.
“Kənd təsərrüfatı, logistika, tekstil və kimya sənayesi, tikinti kimi perspektivli sahələrdə hərtərəfli tərəfdaşlığımızı yeni müqavilələrlə gücləndirmək lazımdır”, - o bildirib.
K. Tokayev Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin artırılmasının və yaxın gələcəkdə 15 milyard ABŞ dollarına çatdırılmasının vacibliyini vurğulayıb.