Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə və Fransa prezidenti Emmanuel Markonla videokonfrans formatında danışıqlar aparıb.
“Report”un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Tərəflər danışıqlar zamanı pandemiya ilə mübarizədə səylərin birləşdirilməsi məsələsinə xüsusi diqqət ayırıblar.
"Koronavirus pandemiyasına qarşı ümumi təhlükə ilə mübarizədə səylərin birləşdirilməsinə xüsusi diqqət yetirildi. Bu kontekstdə liderlər xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün tədbirlərə diqqət yetirdilər. Xüsusilə, Rusiyanın “Sputnik V” peyvəndinin Avropa Birliyində (AB) qeydiyyatdan keçmə perspektivləri, eyni zamanda bu preparatın AB ölkələrində mümkün tədarükü və birgə istehsalına toxunulub”, - Kremlin xəbərində deyilir.
Danışıqlarda eləcə də Ukrayna məsələsi, Liviya və Suriyada mövcud vəziyyət, habelə Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının həbsi məsələsi müzakirə olunub. Tərəflər Rusiya ilə Avropa Birliyi arasında qarşılıqlı əlaqə mövzusunu da diqqət mərkəzində saxlayıblar.