Ermənistan və İran ticarət dövriyyəsinin həcmini 3 mlrd dollara çatdırmaq niyyətindədir - YENİLƏNİB
- 19 avqust, 2025
- 14:58
Ermənistan və İran ikitərəfli ticarət dövriyyəsinin həcmini 3 mlrd. dollara çatdırmaq niyyətindədir.
"Report"un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Baş nazir Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkian ilə İrəvanda keçirilən birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda bu göstərici təxminən 1 mlrd. dollar təşkil edir.
"Bu mənada Avrasiya İiqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişi sahibkarlar üçün yeni imkanlar yaradır", - deyə N.Paşinyan bildirib.
Bundan əlavə, tərəflər iki ölkə arasında əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq niyyətindədir.
"Biz razılaşdıq ki, ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün işlər görmək vaxtı gəlib", - deyə Paşinyan bildirib.
14:48
İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
“Report”un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İran Prezidenti ilə geniş tərkibdə danışıqları zamanı deyib.
O qeyd edib ki, Pezeşkianla təkbətək görüş zamanı bir çox məsələləri müzakirə ediblər.
Öz növbəsində, Pezeşkian “X” sosial şəbəkəsində yazıb ki, Paşinyanla danışıqlar zamanı iki ölkə arasında dostluq münasibətlərinin davam etdirilməsinin, həmçinin üçüncü qüvvələrin ümumi sərhədlər yaxınlığında olması ilə bağlı narahatlıqların tamamilə aradan qaldırılmasının vacibliyini qeyd edib.