Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsinə baxmır.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan keçirdiyi mətbuat konfransında deyib.
"Hazırda Ermənistan Aİİ-in üzvüdür və hökumətin gündəliyində də Aİİ-dən çıxmaq məsələsi yoxdur", - o qeyd edib.
G.Papoyanın sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük gündəliyi paralel gündəlikdir: "Bizim vəzifəmiz bu gündəlikləri müzakirə etmək deyil. Vəzifəmiz Ermənistanın Aİ-də, Aİİ-də, harada olmasından asılı olmayaraq iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır. İqtisadiyyatımız öz rəqabət qabiliyyətini artırmalıdır, məhsuldarlığımız artmalıdır".
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Bununla əlaqədar Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Aİİ-də üzvlüyü ilə bir araya sığmır.