Azərbaycan Gürcüstanın çox mühüm strateji, hətta əvəzolunmaz tərəfdaşıdır.
Bunu "Report"un Gürcüstan bürosuna ölkə parlamentinin Avropa İnteqrasiyası üzrə komitəsinin sədri Levan Maxaşvili Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfərini şərh edərkən deyib.
Deputat bu səfəri maraqlı və uğurlu adlandırıb.
“Çox vacib və məhsuldar görüşlər, müzakirələr keçirildi. Bu baxımdan, səfər həm maraqlı, həm də uğurlu alındı. Bu da təbiidir, çünki Azərbaycan çox mühüm strateji tərəfdaşımızdır. Mən deyərdim, əvəzolunmaz tərəfdaşdır – xüsusən də Qərblə Şərq, Avropa ilə Asiya arasında körpü rolunda olan məsələlərdə”, - deyə L.Maxaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu həftə ikigünlük rəsmi səfər çərçivəsində Azərbaycanın Prezidenti, Baş naziri və Milli Məclisin sədri ilə görüşlər keçirib. Bu görüşlər həm təkbətək, həm də geniş tərkibdə baş tutub.