İsrailin Müdafiə Ordusu İranın zərbəsinə mümkün cavabını gözləyərək hazırlıq səviyyəsini artırıb.
"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bütün ordu bölmələrində və ordunun Baş Qərargahında hər gün vəziyyəti qiymətləndirmək üçün iclaslar keçirilir, Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətində qalır.
"Xarici mediada yayılan xəbərlərə baxmayaraq, cavabın dəqiq vaxtı barədə təsdiqlənmiş məlumat yoxdur", - qəzet mənbələrindən sitat gətirib.
Nəşr təhlükəsizlik sisteminin nümayəndələrinə istinadən bildirib ki, Tehran hələ də cavab tədbirlərinin variantlarını və miqyasını nəzərdən keçirir və İsrail hərbçiləri İranın birbaşa İrandan deyil, Suriya, Yəmən və ya İraqdan cavab vermə ehtimalını istisna etmir.