İran ABŞ ilə əsir mübadiləsi sazişi çərçivəsində beş Amerika vətəndaşını azad edib.
“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Öz növbəsində, ABŞ də 5 nəfəri azad edib. Beş iranlı məhbusdan ikisi artıq İrana uçuş üçün Doha hava limanına gəlib. 3 nəfər isə mübadilədən sonra İrana qayıtmamaq qərarına gəliblər.
İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” agentliyinin məlumatına görə, Mehrdad Moeyn Ənsəri və Reza Sərhəngpur Kəfrani hazırda Qətərin paytaxtındadır. Kave Əfrasiyabi, Amin Həsənzadə, Kambiz Attar Kəşani İrana qayıtmaqdan imtina ediblər.
ABŞ vətəndaşlarından isə yalnız üçünün adı məlumdur - Siamak Namazi, Emad Şərqi və Morad Təhbaz. Digər məhbusların adları gizli saxlanılır. “Əl-Cəzirə”nin məlumatına görə, onlardan biri qadındır.
İranla əsir mübadiləsi çərçivəsində buraxılan amerikalıları daşıyan Qətər təyyarəsi ölkədən havaya qalxıb.
"Report" xəbər verir ki, bu barədə "France Presse" mənbəsinə istinadən məlumat yayıb.
"Həbsdə olan amerikalıların olduğu Qətər təyyarəsi İrandan havaya qalxıb”, - agentlik bildirib.
İran 6 milyard dollar məbləğində dondurulmuş aktivlərindən humanitar məqsədlərdən istifadə etmək üçün çıxış əldə edəcək. İran rəsmiləri qeyd edib ki, Cənubi Koreyada olan İranın maliyyə vəsaiti bu ölkənin Qətərdəki bank hesabına köçürüləcək.
“Reuters” agentliyi xəbər verir ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb.