Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
- 22 avqust, 2025
- 16:28
İrəvanda məhkəmə adı "terror aktı hazırlamaq və hakimiyyəti ələ keçirməyə cəhd" işində keçən iş adamı Tiqran Qalstyanın həbsini üç ay müddətinə uzadıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Hakim Karen Farxoyan qərar verib ki, Qalstyanın istintaqa müdaxilə etmək riski yüksəkdir, bu səbəbdən o, prokurorun vəsatətini təmin edib.
Məhkəmə, həmçinin "Ermənistan" fraksiyasından olan həbs edilmiş deputat Artur Sarkisyanın sürücüsü Karo Okumuşyanın həbs müddətini üç ay uzadıb.
Xatırladaq ki, avqustun 7-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının 18 nümayəndəsinə qarşı işin məhkəməyə göndərildiyini bildirmişdi. Göstərilən şəxslərin adı "terror aktı hazırlamaq və hakimiyyəti ələ keçirməyə cəhd"də işdə keçir. "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları iyun ayının sonunda həbs edilmişdilər.