İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib

İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib İran nümayəndə heyəti bu həftə Romada ABŞ ilə danışıqların ikinci raundunda iştirak edəcək.
Region
15 aprel 2025 01:48
İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib

İran nümayəndə heyəti bu həftə Romada ABŞ ilə danışıqların ikinci raundunda iştirak edəcək.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığında bildirib.

Əraqçinin sözlərinə görə, danışıqlar yenidən Oman Sultanlığının vasitəçiliyi ilə baş tutacaq. O, aprelin 12-də Maskatda baş tutan ilk görüşün "əla" keçdiyini və əsas müzakirə mövzusunun İranın nüvə dosyesi olduğunu qeyd edib.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffla Abbas Əraqçi arasında danışıqlar Maskatda baş tutub. Hər iki tərəf görüşü konstruktiv və müsbət qiymətləndirib. İranın XİN başçısı Omanın xarici işlər naziri Bədr əl-Buseydiyə nümayəndə heyətləri arasında fikir mübadiləsinə şərait yaratdığına görə ayrıca təşəkkür edib.

Danışıqların ikinci raundu şənbə günü, aprelin 19-na təyin edilib. Bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani təsdiqləyib ki, Roma danışıqlarla bağlı müraciətə müsbət cavab verib. Bu məlumatı Niderlandın Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkamp da təsdiqləyib.

Orphus sistemi