Rusiyanın Həştərxan vilayətində qubernator vəzifəsinə seçilən İqor Babuşkinin andiçmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, İ.Babuşkin ikinci dəfə regiona rəhbərlik edəcək.
O, son seçkilərdə 78,17 faiz səs toplayıb.
Rusiya Federasiyası Həştərxan vilayəti qubernatorunun vəzifə səlahiyyətlərinə başlaması münasibətilə bağlı keçirilmiş təntənəli mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Mərasimdə A.Fərzəliyev çıxış edərək növbəti illərdə Azərbaycanın Həştərxan vilayəti ilə müxtəlif sahələr üzrə mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, “Azərbaycan İş Mərkəzi”nin koordinatoru Nəsimi Məmmədov və yerli diasporanın üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Həştərxan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.
Həştərxanla Azərbaycanı uzunmüddətli əlaqələr birləşdirir. Bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə bu ilin mayında Azərbaycan hökuməti ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə 2024-2026-cı illər üçün Proqram imzalanıb. Proqram Həştərxanın logistika qovşaqları vasitəsilə Azərbaycandan Rusiya Federasiyasına və əks istiqamətdə yükdaşımaların inkişafı üzrə birgə işi, qarşılıqlı işgüzar missiyalarda, sərgilərdə, mədəniyyət, təhsil, gənclər və idman tədbirlərində tərəflərin iştirakını nəzərdə tutur.
Həştərxan həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm həlqəsidir. Azərbaycan Astara (İran) - Bakı (Azərbaycan) - Həştərxan (Rusiya) marşrutu ilə konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir. Layihənin “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilməsi planlaşdırılır. Azərbaycan və Həştərxan vilayəti arasında regional əməkdaşlıq Həştərxan müəssisələrinin Azərbaycana kənd təsərrüfatı məhsulları, o cümlədən balıq, tərəvəz, eləcə də iri və xırdabuynuzlu mal-qara ixrac etməsi sayəsində müntəzəm surətdə möhkəmlənir.
Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda böyük layihələr həyata keçirilir.
Heydər Əliyev Fondu ilə Həştərxan vilayəti arasında əməkdaşlığın təməli 2010-cu ilin oktyabrında Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin açılışından sonra qoyulub.
Növbəti ildə “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” Regional Forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Həştərxanın mərkəzində abidənin ətrafında Heydər Əliyev adına park salınıb.
Tədbirdə Həştərxan vilayətinin rəsmiləri, Rusiya tərəfdən forum iştirakçıları, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər. 3,5 hektar ərazini əhatə edən parkda genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, mindən çox ağac əkilib. Müasir işıqlandırma sistemi quraşdırılıb, gözəlliyi ilə diqqəti çəkən fəvvarə tikilib.
Heydər Əliyev Fondu vilayətdə həyata keçirilən təhsil proqramlarında da fəal iştirak edib. Fondun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxanın Bakı küçəsində Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin açılışı olub. Məktəbin foyesində Ümummilli Liderin büstü qoyulub, onun həyat və fəaliyyətini əks etdirən fotostendlər yerləşdirilib.
Azərbaycan ilə Həştərxan arasında əməkdaşlıq ənənələrinin davamı olaraq vilayətdə Dostluq körpüsü açılıb. Azərbaycan Prezidenti İlham Əliyev körpünün tikintisi ilə bağlı qərarı şəhərə səfəri zamanı qəbul edib. Dostluq piyada körpüsü Heydər Əliyev parkını I Pyotrun abidəsinin yerləşdiyi bulvarla birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri - Qız qalası və Həştərxan Kremli əks olunub.
2012-ci ilin sentyabrında Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı olub. Şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. 2013-cü il dekabrın 20-də isə bu şəhərcik yaxınlığında Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş “Arzu” uşaq kafesi istifadəyə verilib.
Həmçinin fondun təşəbbüsü ilə 2014-cü ildə Heydər Əliyev adına məktəbin nəzdində uşaq bağçasının açılışı olub.
Bundan başqa, 2018-ci ildə Həştərxanın Bakı küçəsində ümumi sahəsi 5 min kvadratmetr olan Azərbaycan Biznes Mərkəzi inşa edilib. Mərkəzdə sərgi və konfrans zalları, ofislər və otellər yerləşir.
Azərbaycan Biznes Mərkəzinin koordinatoru Nəsimi Məmmədov “Report”a açıqlamasında bildirib ki, Həştərxanda mütəmadi olaraq Azərbaycan və Rusiya üçün əlamətdar olan tarixlərlə bağlı müxtəlif tədbirlər keçirilir. Xüsusilə Novruz bayramı, Ümummilli Lider Heydər Əliyevin doğum günü və vəfatının ildönümü, Respublika Günü və digər tədbirlər hər il qeyd olunur.
Onun sözlərinə görə, Heydər Əliyev parkı daim abadlaşdırılır, Azərbaycan tərəfi Heydər Əliyev adına 11 nömrəli məktəbin maddi-texniki təchizatını təmin edir. N.Məmmədov bildirib ki, bu, ümumilikdə Həştərxanın ictimai rəyində Azərbaycanın müsbət imicinin qorunub saxlanılmasına töhfə verir”.
2021-ci ildə cavab jesti olaraq Bakıda Həştərxan İş Mərkəzi və Həştərxan Dövlət Universitetinin Təhsil, Elm və Texnologiyalar Mərkəzinin ofisi açılıb.