Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb, 294 nəfər yaralanıb - YENİLƏNİB-5

Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb, 294 nəfər yaralanıb - YENİLƏNİB-5 Hatayda 6,4 maqnitudalı zəlzələ olub.
Region
21 Fevral , 2023 08:48
Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb, 294 nəfər yaralanıb - YENİLƏNİB-5

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” nəşri yayıb.

Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.

Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.

08:10

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

“Ölənlərin sayı dörd nəfərə çatıb. Dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir”, - telekanal bildirib.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insanın xəsarət aldığını, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

00:15

Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.

"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 294 nəfər yaralanıb: “Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər çağırışlara getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.

2023-02-20 23:10

Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.

F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

22:45

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Samandağ və Defne rayonlarında dağıntılar var. Samandağda bir qadının başına daş düşüb. Dəfnədə 4 nəfər dağıntılar altında qalıb, 1 nəfər isə çıxarılıb. Axtarış işləri davam etdirilir", - Soylu qeyd edib.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

22:40

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.

"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

21:16

Türkiyənin Hatay vilayətinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.

Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi