Gürcüstanın müdafiə naziri NATO-nun baş katibi ilə görüşüb
- 27 iyun, 2019
- 13:48
Gürcüstanın müdafiə naziri Levan İzoria Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə NATO-Gürcüstan əməkdaşlığı və gələcək planlar müzakirə olunub.
L.İzoria bildirib ki, görüşdə əsas mövzulardan biri NATO-nun Qara dəniz bölgəsinin təhlükəsizliyinin gücləndirilməsindəki rolu olub.
Tərəflər həmçinin Gürcüstanın müdafiə sahəsində həyata keçirilən islahatlar və NATO-Gürcüstan əməkdaşlıq planının yerinə yetirilməsi istiqamətində əldə olunan nailiyyətləri də nəzərdən keçiriblər.
Müdafiə naziri həmçinin NATO baş katibinin müavini Roza Qotemüllerlə də görüş keçirib.
L.İzoria NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə nazirlərinin görüşündə iştirak edir.