Gürcüstanda toyda azərbaycanlıların zəhərlənməsinin təfərrüatları məlum olub

Gürcüstanda toyda azərbaycanlıların zəhərlənməsinin təfərrüatları məlum olub Kütləvi zəhərlənmə ilə əlaqədar araşdırma aparılır
Region
30 Avqust , 2016 16:57
Gürcüstanda toyda azərbaycanlıların zəhərlənməsinin təfərrüatları məlum olub

Tbilisi. 30 avqust. REPORT.AZ/ Marneuli rayonunun azərbaycanlılar yaşayan Sadaxlı kəndində toyda qeydə alınmış kütləvi zəhərlənmə faktı ilə əlaqədar Gürcüstanın müvafiq dövlət orqanları araşdırma aparır. Yaxın günlərdə faktla bağlı açıqlama veriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Marneuli rayon İcra Hakimiyyətindən bildiriblər. 

İcra Hakimiyyətindən deyiblər ki, avqustun 29-da rayonun Sadaxlı kəndidəki “Muşul” şadlıq sarayında keçirilən toy şənliyində kütləvi zəhərlənmə qeydə alınıb. Toyda iştirak edən 300-dək insanın 200-dən çoxu zəhərlənmə ilə əlaqədar xəstəxanalara müraciət edib.

Sadaxlı kənd sakinlərinin dediyinə görə, mərasim zamanı bir neçə qadın ürəkbulanması və baş ağrısı halları ilə əlaqədar toydan çıxıblar. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Lakin sonradan toydan evə qayıdan xeyli insan təcili tibbi yardıma müraciət ediblər. Kütləvi zəhərlənmə ilə əlaqədar Marneuli rayon xəstəxanasına gətirilən xəstələrin sayı 100-ə çatıb. Yer olmadığından xəstələr “Geo Hospital” xəstəxanasına göndəriliblər.

Hadisə ilə bağlı Marneuli rayon xəstəxanasının baş həkimi Zurab Opropelidze “Report”a açıqlama verib. 

“Dünən axşam saatlarında bizim xəstəxanaya 100-dək insan müraciət edib. Onların arasında qadınlar və uşaqlar da var idi. Təqribən 14 uşaq bizdə müalicə alıb. Biz bütün həkimləri yenidən xəstəxanaya dəvət etdik və əlaqədar təşkilatları məlumatlandırdıq. Lakin bizə müraciət edənləri sayı durmadan artırdı. Ona görə də, xəstələri “Geo Hospital”a göndərməli olduq. Bizim xəstəxanaya qəbul olunmuş 20 xəstədə ürək-damar, şəkərli diabet, mədə-bağırsaq və digər xroniki xəstəliklər olduğu üçün onlar Rustavi, Bolnisi, Dmanisi rayon xəstəxanalarına göndərildi. Hazırda xəstəxanada 12 xəstə qalıb. Onlardan da təkrar analizlər götütürüləcək”, - baş həkim qeyd edib.

Baş həkim deyib ki, gecə saatlarında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru, səhiyyə nazirinin müavini, habelə, siyasi partiyaların liderləri xəstəxanaya gəlib, xəstələrin vəziyyəti ilə maraqlanıblar.

Baş nazir xəstələrə müvafiq yardımların göstərilməsi ilə bağlı konkret tapşırıqlar verib.

“Geo Hospital” xəstəxanasının baş həkimi Tatyana Şenqelaya bildirib ki, həmin gecə xəstəxanaya 54 xəstə qəbul edilib: “Gecə bizə məlumat verildi və həkimlərimizi yenidən işə qaytardıq. Gecə yarısınadək xəstə qəbul etdik. Hazırda xəstəxanada 4-5 xəstə qalıb. Qalanları isə artıq evə buraxılıb”.

T.Şenqelayanın sözlərinə görə, xəstələrdə əsasən ürəkbulanma, baş ağrıları, qusma və işləmə halları müşahidə olunub. Bu xəstəxanaya müraciət edənlərdən 12-si uşaq olub.

Hospitalın həkimi Nizami Musayev deyib ki, bəzi xəstələri müalicə etmək üçün başqa xəstəxanalardan həkimlər dəvət olunublar. Məsələn, o, Marneuli rayon xəstəxanasına göndərilib: “Rayon xəstəxanasında həkim çatmırdı. Məni “Geo hospital”dan ora göndərdilər. Həkimlərin birgə səyi nəticəsində bəzi xəstələr vəziyyətdən çıxara bildik”.

Marneuli rayon xəstəxanasının uşaq bölməsinin müdiri Koba Otaraşvili isə bildirib ki, avqustun 29-dan 30-na keçən gecə şöbəyə 25-i uşaq olmaqla 46 nəfər müraciət edib: “Digər xəstəxanalarda yer olmadığı üçün böyükləri də bu şöbəyə qəbul etdik. Başqa əlac yox idi. Xəstələrimizin 70 faizi artıq evə buraxılıb. Qalanların vəziyyəti bir qədər ağır olduğu üçün onlardan təkrar analizlər götürüləcək və müvafiq tədbirlər görüləcək”.

Sadaxlı kənd sakini Polad Bediyevin ailəsi isə xəstəxanaya avqustun 30-da gündüz saatlarında müraciət edib. O deyib ki, gecə toydan qayıdanlar arasında halı pisləşənlərin bir neçəsi bu gün həkimə müraciət edib. “Biz fikirləşirdik ki, qardaşımın yoldaşının halı yaxşılaşacaq. Əksinə səhərə yaxın vəziyyət dəyişdi və təcili yardıma müraciət etdik. Bizimlə yanaşı daha 7-8 nəfər də təcili tibbi yardıma müraciət edib. İndi onları da “Geo hospital”a gətiriblər”.

Qeyd edək ki, toyda zəhərlənmənin salat, balıq və sulardan baş verdiyi ehtimal olunur. Hazırda Gürcüstanın Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələri faktla bağlı araşdırma aparırlar. Toyda istifadə olunan bütün yemək növlərindən, şərab, limonad və saf sulardan analizlər götürülüb.

Son xəbərlər

Orphus sistemi