Gürcüstanda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
Bildirilib ki, onlardan heroin və kokain götürülüb. Məlumata görə, saxlanılan şəxslər sistematik şəkildə narkotik vasitələrin satışı ilə məşğul olublar. Onların saxlanılması ilə bağlı Gürcüstanın paytaxtı Tbilisidə və başqa şəhərlərdə əməliyyat keçirilib. Şübhəlilərdən biri ukraynalı olmaqla ikisi xarici ölkə vətəndaşıdır. Tutulanların ikisi əvvəllər mühakimə olunub.
Əməliyyat zamanı onların üzərindən və yaşadıqları evlərə baxış zamanı müxtəlif adda narkotik vasitələr, o cümlədən bir kiloqramdan artıq heroin, “Subotex”, “Alpha-PVP”, 45 bağlamada metadon, habelə böyük miqadarda kokain, eyni zamanda narkotik maddələrin satışından əldə etdikləri pul aşkarlanaraq götürülüb.
Vurğulanıb ki, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışı faktları üzrə araşdırma aparılır.
Saxlanılanları 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya qeyri-müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.