Gürcüstanda itkin düşmüş azərbaycanlının tapılması tələbi ilə Tbilisidə aksiya keçirilir

Gürcüstanda itkin düşmüş azərbaycanlının tapılması tələbi ilə Tbilisidə aksiya keçirilir Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili itkin düşmüş Yormuğanlı kənd sakini Nazim Nəbiyevin məsələsini diqqətə götürüb
Region
15 Fevral , 2022 14:29
Gürcüstanda itkin düşmüş azərbaycanlının tapılması tələbi ilə Tbilisidə aksiya keçirilir

Gürcüstan parlamentinin deputatı David Sonqulaşvili itkin düşmüş Yormuğanlı kənd sakini Nazim Nəbiyevin məsələsini diqqətə götürüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlament üzvü ilə görüşdən sonra kənd ağsaqqalı Arzuman Abbasov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, D.Sonqulaşvili hüquq-mühafizə orqanlarının Kaxeti bölgəsi üzrə rəhbər şəxslərini işin gedişatı barədə sorğu edəcək və kənd sakinlərinə məlumat çatdıracaq.

A.Abbasov deyib ki, həmkəndlisi tapılana qədər dinc aksiyalar davam etdiriləcək.

Yormuğanlı sakinlərinin parlament yaxınlığındakı aksiyası başa çatıb.

13:25

Tbilisidə parlament yaxınlığında Yormuğanlı kənd sakinlərinin aksiyası davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar parlamentin sədri Şalva Papuaşvili ilə görüş tələb edirlər.

Kənd ağsaqqalı Arzuman Abbasov “Report”a açıqlamasında Nazim Nəbiyevin qarət olunaraq qətlə yetirildiyini ehtimal etdiyini bildirib: “Bu günədək işin üstü açılmayıb. Təəssüflər olsun ki, Gürcüstanın Daxili İşlər Nazirliyi məsələyə laqeyd yanaşır”.

Aksiyada itkin düşmüş şəxsin həyat yoldaşı Kəmalə Nəbiyeva və bacısı Mehriban Nəbiyeva da iştirak edir. Onların sözlərinə görə, N.Nəbiyev 1 ay 20 gündür itkin düşüb, lakin indiyədək onun nə ölüsü, nə də dirisindən xəbər var.

Hazırda Gürcüstan parlamentinin Saqareco rayonu üzrə majoritar deputatı David Sonqulaşvili bir neçə aksiyaçı ilə görüş keçirir.

13:06

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin bir qrup sakini Tbilisidə parlament binası yaxınlığında aksiya keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, onlar bu ilin yanvarın 4-dən itkin düşmüş həmkəndliləri, 42 yaşlı Nazim Nəbiyevin axtarışlarının bu günədək heç bir nəticə verməməsindən narazılıqlarını bildirirlər.

Yormuğanlı sakinləri parlamentin nümayəndəsi ilə görüş tələb edirlər.

Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.

Yormuğanlı sakinləri fevralın 4-də kənddə analoji aksiya keçiriblər.

Son xəbərlər

Orphus sistemi