Gürcüstan parlamentinin sədri 49 deputatın mandatının ləğvinin səbəbini açıqlayıb
- 05 fevral, 2025
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Demokratik prinsipləri və Gürcüstan xalqını şantaj etməyə çalışanlara ədalətli, konstitusiyaya və qanuna uyğun şəkildə cavab veriləcək.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili üç müxalifət blokunun 49 deputatın mandatının erkən ləğv edilməsinə münasibət bildirərkən deyib.
O, 2020-ci ildə təşkil edilən və bəzi yerli və xarici qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən saxta narrativlərə toxunaraq həmin dövrdə müxalifətin parlamentə daxil olmadığını və bəzən iclaslara qatılmadığını qeyd edib.
Ş.Papuaşvili bu mövzuda radikal müxalifətin həmçinin 2024-cü il seçkilərini ləğv etməyə və xalqın iradəsini rədd etməyə cəhd göstərdiyini vurğulayıb.
O, radikal müxalifətin və onun daxili və xarici tərəfdarlarının Gürcüstan konstitusiyasını və demokratik sistemini alt-üst etməyə çalışmasına qarşı sərt mövqe sərgiləyib və bununla bağlı ədalətli cavab veriləcəyini söyləyib.
Qeyd edək ki, 150 üzvdən ibarət Gürcüstan parlamenti bugünkü plenar iclasında müxalifət partiyalarından seçilmiş 49 deputatın səlahiyyətlərini dayandırıb.
Bildirilir ki, müxalifət partiyalarından - "Vahid Milli Hərəkat", "Dəyişikliklər naminə Koalisiya" və "Güclü Gürcüstan"dan olan deputatlar ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərindən dərhal sonra parlamentə deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə ərizə ilə müraciət ediblər. Onlar öz qərarlarına hakimiyyətin seçkiləri saxtalaşdırdığını iddia etməklə izah veriblər.