Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, spiker İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.
Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.
Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, yüzlərlə insan xəsarət alıb.
Gürcüstan prezidenti Salome Zurabişvili Belarusa, parlamentin sədri İrakli Kobaxidze isə Azərbaycana rəsmi səfərlərini yarımçıq dayandıraraq iyunun 21-də Tbilisiyə qaydıblar.
İ.Kobaxidze Bakıdan ölkəsinə qayıtdıqdan sonra parlamentin sədri vəzifəsindən istefa verib.