“31 il öncə Azərbaycanda törədilən qanlı hadisələr zamanı şəhid olanların qanları yerdə qalmayıb. Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsinin şəhidlərinin ruhları bu gün şaddır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Qardabani rayonunda 20 Yanvar şəhidi Rəşid İsmayılovun xatirəsinə həsr olunan anım mərasimində deyib.
Onun sözlərinə görə, Vətən sevgisi ilə canlarından keçən vətən övladlarının xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Deputat deyib ki, Azərbaycan Ordusunun şanlı zəfəri yalnız Azərbaycan xalqının deyil, dünyada yaşayan bütün azərbaycanlıların qələbəsidir.
Digər millət vəkili Zaur Darğallı çıxışında bildirib ki, 20 Yanvar faciəvi hadisə ilə yanaşı, həm də Azərbaycan xalqının milli iradə nümayişi olub.
Parlament üzvünün sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə Qarabağ işğaldan azad olunaraq tarixi torpaqlar əsl sahiblərinə qaytarıldı: “Bu gün 20 Yanvar şəhidlərinin ruhu sevinir, çünki qanları əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür, bölgədə yeni geosiyasi reallıq yaranıb. Biz bu tarixi hadisələri hər zaman yad etməli və şəhidlərin əziz xatirələrini yaşatmalıyıq”.
Z.Darğallı Azərbaycanın Gürcüstandakı səfirliyinə şəhidlərin xatirəsini hər zaman ehtiramla yad edilməsinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə əslən qonşu ölkədən olan 20 Yanvar şəhidləri – Vəfadar Eminov, İsmayıl Mursaqulov, İlqar Əhmədov, Tengiz Turabovun Marneuli və Bolnisi rayonlarında yaşayan yaxınları da ziyarət olunub.