Gürcü deputat: Bəzi Qərb dövlətləri suveren hüquqlarımızı kobudcasına pozur

Gürcü deputat: Bəzi Qərb dövlətləri suveren hüquqlarımızı kobudcasına pozur “Bütün cəhdlərimizə baxmayaraq, bəzi Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri kobud, həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, bizə qarşı sanksiyalar tətbiq edirlər”.
Region
20 Oktyabr , 2024 15:45
Gürcü deputat: Bəzi Qərb dövlətləri suveren hüquqlarımızı kobudcasına pozur

“Bütün cəhdlərimizə baxmayaraq, bəzi Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri kobud, həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, bizə qarşı sanksiyalar tətbiq edirlər”.

Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində gürcü siyasətçi, deputat İrakli Kadaqişvili söyləyib.

“Bütün bunlar Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulmasıdır. Eyni zamanda, belə addımlar, Avropa demokratiyasının, strateji tərəfdaşlığın norma və prinsiplərinə, diplomatik etiketə uyğun gəlmir. Bütün bunlara baxmayaraq, Gürcüstan hökuməti və gürcü xalqı taleyini özü həll edir və seçkilərdə növbəti 4 ildə kimin hakimiyyətdə olacağına özü qərar verəcək”, - deputat deyib.

İrakli Kadaqişvilinin sözlərinə görə, sənəddə yalnız ölkədə böyük siyasi qütbləşmənin olduğu qeyd edilir. “Mənim fikrimcə bunun da ən böyük səbəblərindən biri Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan, xüsusən də xaricdən müdaxilənin olmasıdır. Əgər bəzi kobud, yersiz müdaxilələr olmasa siyasi qütbləşmə də o qədər böyük olmaz”, - Kadaqişvili vurğulayıb.

“İndi qarşıda yalnız bir məsələ dayanıb, bu da səsvermənin normal şəraitdə, azad, şəffaf və demokratik təşkilidir. Seçkilərdən sonra həyat öz axarı ilə davam edəcək və Gürcüstan yenə də demokratik inkişafını davam etdirəcək”, - o deyib.

Deputat vurğulayıb ki, Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra cəmiyyət bir çox şeyin şahidi olub: “Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyirlər. Amma Rusiya ilə qarşıdurma Gürcüstan üçün məqbul deyil və yolverilməzdir. Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, amma biz Rusiya ilə ikinci cəbhəni aça bilmərik. Xüsusilə də nəzərə almalıyıq ki, Gürcüstan ərazilərinin də 20 faizi işğal olunub. Ona görə də, Gürcüstan sülh yolu ilə gedir və seçkilərdən sonra da yolunu bu istiqamətdə davam etdirməlidir”.

“Gürcüstanda seçkiöncəsi vəziyyət sabitdir. Bir həftə əvvəl seçkilərlə bağlı əsas müşahidəçi vəzifəsini yerinə yetirən ATƏT-in müşahidə missiyası ilkin hesabatını təqdim edib. Sənəddə də qeyd edilib ki, seçkiöncəsi vəziyyət sabitdir. Gürcüstan Mərkəzi Seçki Komissiyası və onun regional bölmələri işlərini düzgün qurub və seçkilərə tam hazırdır. Vətəndaşların sərbəst, və azad səsvermələri üçün hər cür şərait yaradılıb, mətbuat azad fəaliyyət göstərir”, - İ.Kadaqişvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi