Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.