Avropa İttifaqının (Aİ) Ermənistanda mülki missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan delimitasiya prosesi tam başa çatanadək Azərbaycanla sərhəddə vəziyyəti monitorinq edən Aİ-nin mülki missiyasına ehtiyac duyur.
Qeyd edək ki, daha əvvəl Avropa Parlamenti Ermənistanda yerləşdirilmiş missiya çərçivəsində ekspertlərin sayının artırılmasını, onun potensialının gücləndirilməsini və yerləşdirilmə müddətinin daha beş il uzadılmasını, coğrafi əhatə dairəsinin isə Ermənistan-Türkiyə sərhədinə qədər genişləndirilməsini tələb edib.
Bu arada, rəsmi Bakı hesab edir ki, Avropa İttifaqının Ermənistanda Azərbaycanla sərhəddəki missiyasının fəaliyyətinə son qoyulmalıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev daha əvvəl bildirib ki, Aİ-nin Ermənistandakı missiyası regionda sülhün bərqərar olmasına kömək edən mexanizm deyil.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi iki ölkənin işidir: "Sərhəddə üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur".