Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazı qalıblar.
Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.
Qeyd edilir ki, valideynlərin bir hissəsi görüşü yarımçıq tərk ediblər. Bəziləri isə hökumət binasında qalaraq baş nazirlə danışıqları davam etdiriblər.
“Yeddi aydır cavab vermirlər. Ora-bura, DNT mərkəzinə göndərirlər. Heç kim valideynlərə həqiqəti söyləmir. Onlara danışmaq asandır, uşaqları yanındadır”, - deyə valideynlərdən biri kobud tərzdə qeyd edib.
“Ümid edirdik ki, hökumət var, amma bu şəxs (baş nazir Nikol Paşinyan-red) suallarımızı cavablandıra, uşaqlarımız haqqında məlumat verə bilmir ki, övladlarımızın harada olduğunu, əsir və ya itkin düşdüyünü bilək. Əgər işləyə bilmirsə, bizə yalnız Putinə müraciət etmək qalır”, - deyə başqa valideyn şikayətlənib.
Qeyd edək ki, dünən səhər aksiyanın iştirakçıları problemlərinin KİV-də işıqlandırılmasından imtina ediblər. Onlar hesab edirdilər ki, artıq səs-küy problemin həllinə mane olur.