Ərdoğanın Özbəkistana səfəri başlayıb

Region
  • 29 mart, 2022
  • 12:33
Ərdoğanın Özbəkistana səfəri başlayıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkəndə çatıb.

“Report” xəbər verir ki, Türkiyə dövlət başçısını özbəkistanlı həmkarı Şavkat Mirziyoyev  qarşılayıb. 

Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və başqaları da səfərdədirlər. 

Qeyd edək ki, R.T.Ərdoğanın özbəkistanlı həmkarı ilə görüşü planlaşdırılır. Onların ikitərəfli və regional məsələləri müzakirə edəcəyi bildirilib.

11:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərə yola düşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması da gözlənilir.